NBA Technologies International

NBA Technologies International IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyasında iştirak edib

18.06.2025
NBA Technologies International IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyasında iştirak edib

NBA Technologies International Dövlət Vergi Xidmətinin əsas kassa orqanı olaraq, 18 iyun tarixində Bakıda keçirilən Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyasında öz rəqəmsal və innovativ həlləri ilə iştirak edib.

“Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda baş tutan texniki sessiya IOTA üzvü olan 40-dan çox ölkənin vergi administrasiyalarının rəhbər şəxslərini, beynəlxalq təşkilatların nümayəndələrini, ekspertləri və digər rəsmi qonaqları bir araya gətirib.

Tədbirdə müasir vergi inzibatçılığında rəqəmsal transformasiya prosesləri, innovativ texnologiyaların rolu, süni intellektin tətbiqi, vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi və effektiv idarəetmə modellərinin formalaşdırılması kimi aktual mövzular ətrafında təqdimatlar və müzakirələr aparılıb.

Texniki sessiya çərçivəsində təşkil edilən sərgidə isə üzv dövlətlərin vergi administrasiyalarında tətbiq olunan qabaqcıl texnoloji yeniliklər və rəqəmsal həllər nümayiş etdirilib. NBA Technologies International sərgidə öz innovativ kassa və ödəniş sistemləri ilə xüsusi maraq doğurub, yerli və beynəlxalq nümayəndələrə müasir texnoloji imkanlarını təqdim edib.

Şirkətin təqdim etdiyi həllər rəqəmsal iqtisadiyyatın inkişafı, vergi proseslərinin avtomatlaşdırılması və şəffaflığın artırılmasına yönəlik yeni mərhələnin təməlini qoyur. NBA Technologies International bu cür beynəlxalq platformalarda iştirak etməklə, qlobal vergi və ödəniş texnologiyaları ekosistemində Azərbaycanın texnoloji potensialını uğurla nümayiş etdirməyə davam edir.