Digital Payment Forum - Daşkənddə keçirilən forumda regionun aparıcı bankları və fintech şirkətləri iştirak etdi
24.10.2025
NBA Technologies International şirkəti 17 oktyabr tarixində Daşkənddə “Rəqəmsal Ödəniş Forumu”nu uğurla keçirdi.
Rəqəmsal ödəniş texnologiyalarında regional tərəfdaşlıqları genişləndirmək, innovativ həlləri paylaşmaq və sektorun inkişafına töhfə vermək məqsədilə keçirilən bu forum, Mərkəzi Asiya regionunda rəqəmsal maliyyə ekosisteminin inkişafını dəstəkləyən ən vacib tədbirlərdən biri oldu.
Forum çərçivəsində banklar, maliyyə institutları, fintech şirkətləri və texnologiya tərəfdaşları bir araya gələrək ödəniş sistemlərindəki yenilikləri, təhlükəsizlik standartlarını, avtomatlaşdırmanı və süni intellektin tətbiqini müzakirə etdilər.
NBA Technologies International şirkətinin Müşahidə Şurasının sədri Anar Şıxəliyev öz çıxışında şirkətin son illərdəki inkişaf strategiyalarını, regional tərəfdaşlıqların əhəmiyyətini və şirkətin rəqəmsal ödəniş ekosistemində oynadığı rolu vurğuladı.
O, həmçinin Azərbaycanın və regionun maliyyə texnologiyaları bazarının gələcək inkişaf istiqamətlərindən, qlobal fəaliyyətlər və əldə olunan uğurlardan, dövlət–özəl sektor əməkdaşlıqlarından və “smart” ödəniş infrastrukturunun formalaşmasında NBA Technologies International şirkətinin lider mövqeyindən danışdı.
Forumun ilk texnoloji sessiyasında Roman Ayan (PAX Technology) iştirakçılara PAX Technology şirkətinin yeni nəsil cihazlarını təqdim etdi.
O, PAX-ın POS terminallar, bankomatlar və ödəniş sistemləri sahəsində tətbiq etdiyi yeniliklərdən, cihazların etibarlılığını və təhlükəsizliyini artıran texnoloji modernizasiyalardan bəhs etdi.
Daha sonra Roman Ayan PAX Technology-nin MAXSTORE idarəetmə platformasını təqdim etdi. Bu sistem ödəniş terminallarının və avadanlıqların mərkəzləşdirilmiş şəkildə idarə olunması, uzaqdan proqram yenilənməsi, cihaz statuslarının real vaxt rejimində izlənməsi və əməliyyat hesabatlarının avtomatik yaradılması üçün nəzərdə tutulub.
Hellen Liu (Şərqi Avropa üzrə Satış Meneceri, GRG Banking Equipment (HK) Co., Limited) bank sektorunun transformasiyasına yönəlmiş innovativ yanaşmalarını paylaşdı.
O, GRG Banking-in süni intellekt və avtomatlaşdırma texnologiyalarını birləşdirən “smart branch” konsepsiyasını təqdim etdi və müasir bankomatların biometrik identifikasiya, təmassız əməliyyat və inteqrə edilmiş təhlükəsizlik sistemləri ilə təchiz olunmasından danışdı.
Paydustry şirkətinin Baş Əməliyyat Direktoru Alper Gül, platformanın API əsaslı ekosistemlərinin, real-time əməliyyat izləmə sistemlərinin və “white-label” ödəniş infrastrukturunun üstünlüklərini nümayiş etdirdi.
O, “fintech-as-a-service” modelinin gələcəyi barədə danışaraq bu yanaşmanın kiçik və orta bizneslərin rəqəmsal dönüşümünü necə sürətləndirdiyini izah etdi.
Alper Gül həmçinin dövlət və fiskal orqanlar üçün nəzərdə tutulmuş innovativ vergi həllərinin transformasiya potensialını da paylaşdı.
Timur Məhərrəmov (Avtomatlaşdırılmış Avadanlıqlar üçün proqram təminatının yazılması və quraşdırılması bölməsinin rəhbəri, NBA Technologies International) “NBA Pay” proqram təminatını təqdim edərək onun çoxsatıcılı (multivendor) sistemlər üçün yaradılmış unikal xüsusiyyətlərindən bəhs etdi.
O, proqramın müxtəlif markalı POS, ATM və digər ödəniş cihazlarını vahid idarəetmə mühitinə inteqrasiya etmək imkanlarını izah etdi.
Artem Russakov (Satış meneceri, Toppan) onlayn əməliyyatların təhlükəsizliyinə dair müasir həlləri təqdim etdi.
O, Toppan-ın çoxsəviyyəli şifrələmə sistemləri, süni intellekt əsaslı saxtakarlıq aşkarlama alətləri və əməliyyatların biometrik autentifikasiyası haqqında danışdı. Təqdimatda “data integrity” və “transaction transparency” kimi anlayışların müasir maliyyə sektorunda artan əhəmiyyəti vurğulandı.
Nikolay Uvarov (Monitorinq RDS üzrə rəhbər) RDS sisteminin real vaxt rejimində əməliyyatların monitorinqi və risklərin erkən aşkarlanması üçün tətbiq etdiyi innovativ alətləri təqdim etdi.
O, sistemin “machine learning” əsaslı analiz alqoritmləri, əməliyyat davranış modelləşdirilməsi və proaktiv xəbərdarlıq modulları barədə məlumat verdi.
Forumun yekun hissəsində sahənin qabaqcıl tərəfdaş və innovatorları xüsusi nominasiyalar üzrə mükafatlandırıldılar.
Müşahidə Şurasının sədri Anar Şıxəliyev yekun nitqində bütün iştirakçılara təşəkkürünü bildirərək NBA Technologies International şirkətinin gələcək planları, regional əməkdaşlıqların genişləndirilməsi və texnoloji tərəfdaşlıqların dərinləşdirilməsi istiqamətində atılacaq addımlardan bəhs etdi.
NBA Technologies International şirkəti forum vasitəsilə sektorun gələcəyini formalaşdıran texnoloji trendləri paylaşmaqla yanaşı, regionda daha dayanıqlı, innovativ və inteqrasiya olunmuş ödəniş infrastrukturunun inkişafına dəstək verməyə davam edəcəyini vurğuladı.